Services

«Azİnvest Sığorta» şirkəti ilin sonunadək nizamnamə kapitalını iki dəfə artıracaq


Bakı. APA-Economics.
Azərbaycanın «Azİnvest Sığorta» şirkəti 2009-cu ilin sonuna kimi nizamnamə kapitalını iki dəfə artıraraq 2 mln. manata çatdırmaq niyyətindədir.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması Maliyyə Nazirliyi tərəfindən ölkədəki sığorta və təkrar sığorta şirkətlərinin minimum kapitalına qarşı irəli sürdüyü tələbnamələrlə bağlıdır.

Xatırladaq ki, yeni yaradılan sığorta şirkətləri, həmçinin təkrar sığorta şirkətlərinin minimum kapitalına qarşı tətbiq olunan tələbnamələr 2008-ci ilin avqust ayının 1-dən qüvvəyə minib.

Bu qaydaların son həddi olaraq, 2012-ci il yanvar ayının 1-dək sığortaçıların minimum kapitalı 5 mln. manata, təkrar sığorta və yeni yaradılan sığorta şirkətlərinin isə 10 mln. manata çatdırılmalıdır:


Tələblərin qüvvəyə minmə tarixi          Sığortaçılar üçün                    Təkrar sığortaçılar üçün 
                                                                                      
1 yanvar 2009-cu il                         1 mln. manat                                 2 mln. manat
1 yanvar 2010-cu il                         2 mln. manat                                 4 mln. manat
1 yanvar 2011-ci il                          3,5 mln. manat                              7 mln. manat
1 yanvar 2012-ci il                           5 mln. manat                                10 mln. manat

Xatırladaq ki, təsisçisi «Birlik Bank» (15%), «AMAY» Ticarət Mərkəzi və iki fiziki şəxs olan «Azİnvest Sığorta» şirkəti 1998-ci ildə «Nişan Sığorta» adı ilə fəaliyyətə başlayıb. Şirkətin brendi 2009-cu ilin iyun ayında dəyişdirilib. Hazırda şirkət 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir. Brendin dəyişdirilməsi ilə bağlı «Azİnvest Sığorta» nizamnamə kapitalını yeni yaradılan şirkətlər üçün tətbiq olunan qaydalar əsasında artırmalıdır.




Geriyə
ISO 9001:2000
CERTIFIED